Bu gün yeniyetmələr arasında 5-ci LANDAU Şahmat Festivalının açılış mərasimi baş tutub.
Sportnet.az xəbər verir ki, festival Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə iyun ayının 21-dək LANDAU School-un "Sea Breeze" korpusunda keçiriləcək.
Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov, LANDAU School-un təsisçisi Timur Leznik və Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxış ediblər. Çıxışlar zamanı şahmatın yeniyetmələrin intellektual inkişafında oynadığı mühüm rolu vurğulanıb, həmçinin festivalın gənc şahmatçıların potensialının üzə çıxarılması və bu sahəyə marağın artırılması baxımından əhəmiyyəti qeyd olunub.
Yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda keçirilir. Hər yaş kateqoriyası üzrə 1 oğlan və 1 qız qalib müəyyən ediləcək. Bundan əlavə, yekunda bütün iştirakçılar arasında 1 əsas qalib seçiləcək. Festivalın əsas qalibi 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanacaq. Qalibin yarışla bağlı bütün xərcləri LANDAU School tərəfindən qarşılanacaq.
Qeyd edək ki, LANDAU Şahmat Festivalının baş hakimi Azər İbrahimovdur.




















































































