Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verilib.
Sportnet.az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar mübarizəyə qoşulublar.
Zəriflərin yarışında qızıl medala Qazax idmançısı Hənifə Məhərrəmli layiq görülüb. O, toplamda 160 kiloqram (73 kiloqram + 87 kiloqram) nəticə ilə birinci olub. Gəncə təmsilçisi Zeynəb Həsənova 134 kiloqram (63 kiloqram + 71 kiloqram) göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Ən güclü üçlüyü paytaxt idmançısı Zeynəb Bəkirli tamamlayıb. O iki hərəkətin cəmində 116 kiloqram (53 kiloqram + 63 kiloqram) ağırlığı ram edib.
Qeyd edək ki, iştirakçıların göstərdiyi nəticələr sinkler cədvəli üzrə hesablanıb.
Üç gün ərzində ağırlıqqaldırma yarışlarında mübarizə aparan 100-dən artıq atlet qalib və mükafatçıların adlarına aydınlıq gətirəcək.














































































