"Qarabağ”ın yeni transferi Jali Muaddib “Zirə”ni 4:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibənin təqdim edir:
– “Qarabağ”a transferiniz necə baş tutdu?
– Həmin vaxt Kiprdə çıxış edirdim. Təklif gələndə ailəmlə məsləhətləşdim və onlar da bu qərarı dəstəklədilər. Əlbəttə, “Qarabağ” haqqında məlumatım var idi. Çox yaxşı komandadır. Klub son illərdə avrokuboklarda daim iştirak edir. Fəxr edirəm ki, bu kluba qoşulmuşam və kollektivin bir hissəsiyəm.
– Digər klublardan da təklif almışdınız?
– Bəli.
– Bəs “Qarabağ”ı seçməyinizə ən çox nə təsir etdi?
– Cəmi bir gün ərzində qərar verib, “Qarabağ”a razılıq bildirdim. Klubun Avropada davamlı çıxış etməsi, peşəkar quruluşa sahib olması və baş məşqçinin uzun müddətdir komandada çalışması seçimimdə mühüm rol oynadı.
– Qurban Qurbanovla söhbətiniz olubmu: Sizdən nə tələb olunur?
– Uzun söhbətimiz olmayıb. Ancaq bilirəm ki, məndən Kiprdəki son mövsümdə göstərdiyim performansı gözləyirlər. Mən də komandama maksimum fayda vermək və qazanılacaq uğurlarda pay sahibi olmaq üçün çalışacağam.
– Artıq “Qarabağ” forması ilə ilk oyununuzu keçirmisiniz. Uyğunlaşma prosesi necə gedir?
– Sözsüz ki, yeni komandaya gələndə çətinlik çəkirsən. Çünki bunadək bir yerdə olmamışıq, məşq etməmişik. Amma komanda yoldaşlarım yaxşıdırlar, hamı mənə kömək etməyə çalışır. Mən də kollektivə daha tez uyğunlaşmaq və məndən nə tələb olunduğunu bilmək üçün əlimdən gələni edirəm.
– Azərbaycan çempionatı barədə nə bilirsiniz: “Qarabağ”dakı məqsədləriniz hansılardır?
– Növbəti Abdullah Zubir olmaq istəyirəm (gülür - red.). Ötən mövsüm də "Qarabağ" mənimlə maraqlanmışdı. Özüm də bura ilə maraqlanmağa başlamışdım. Bilirəm ki, Azərbaycan Premyer Liqası güclü çempionatdır. Mövsüm ağır keçib. Burada “Neftçi”, “Sabah” kimi rəqabətli komandaların olduğunu bilirəm. Maraqlı çempionat olacaq.
– Avropa Liqasında sizi İslandiyaya səfər gözləyir. Rəqib barədə fikirləriniz necədir?
– Onlar haqqında bildiyimiz odur ki, ölkə kubokunu qazanıblar və sonradan ikinci liqaya düşüblər. Bununla belə, avrokuboklarda asan rəqib olmur. Hər komandaya qarşı ciddi yanaşmaq və yaxşı hazırlaşmaq vacibdir.
– Maraqlıdır, Azərbaycanın başqa klublarından təkliflər olub?
– Xeyr, rəsmi təklif olmayıb.














































































