İran Futbol Federasiyası (FFIRI) 2026-cı il dünya çempionatında milli komandaya tətbiq olunan məhdudiyyətlərlə əlaqədar FIFA-ya rəsmi şikayət ünvanlamağa hazırlaşır.
Sportnet.az-ın məlumatına görə, G qrupunda iyunun 21-də Belçika ilə qarşılaşacaq İran millisinin ABŞ-nin Los Anceles şəhərinə oyundan cəmi 24 saat əvvəl gəlməsinə icazə verilib.
Yeni Zelandiya ilə qrupdakı ilk matçında 2:2 hesablı heç-heçə edən kollektivin qarşılaşmadan sonrakı planları da pozulub. Komandanın ertəsi gün bərpa məşqi keçirdikdən sonra ABŞ-də qalmaq istəyi qəbul edilməyib və nümayəndə heyətinin yenidən Meksikanın Tixuana şəhərindəki düşərgəsinə qayıtması tələb olunub.
Federasiya isə yaranmış vəziyyətlə bağlı FIFA-dan izahat tələb etməyə hazırlaşır. FFIRI-nın açıqlamasında bu qərarın turnirdə iştirak edən bütün komandalar üçün bərabər şərait prinsipinə uyğun gəlmədiyi vurğulanıb:
"Belə məhdudiyyətlərin iştirakçı komandalar üçün bərabər şərtlərin təmin olunması prinsipi ilə ziddiyyət təşkil etdiyinə və hazırlıq prosesinə mənfi təsir göstərə biləcəyinə inanırıq. Federasiya narazılığını rəsmi şəkildə bildirərək, müvafiq kanallar vasitəsilə FIFA-ya rəsmi şikayət təqdim edəcək. Buna baxmayaraq, İran millisi hazırlıq proqramını davam etdirəcək və bütün diqqətini Belçika ilə oyuna yönəldəcək".
Milli komandanın baş məşqçisi Amir Qalenoyi də vəziyyətdən narazılığını gizlətməyib. O, Yeni Zelandiya ilə oyundan sonra bildirib:
"Bizə dərhal ayrılmalı olduğumuzu dedilər. Bu vəziyyət bizi həqiqətən çətin durumda qoyur. Açığı, niyə geri göndərildiyimizi bilmirəm. Bu, çox qəribə görünür. Sanki planlamamızı bizim yerimizə başqaları edir. Komandamız dünya çempionatında ən çox təzyiqə məruz qalan komandadır".
Qeyd edək ki, iyunun 21-də "Sou Fay" stadionunda keçiriləcək Belçika - İran matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



















































































