"UEFA Konfrans Liqasına qatıla bilməyən "Turan Tovuz"u əvəzləməyimiz üzərimizdə qətiyyən təzyiq yaratmır. Azarkeşlərin tənqidləri normaldır".
Sportnet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, "Turan Tovuz"un 2019-cu ildə danışılmış oyunlarda iştirakını UEFA-ya "Zirə"nin ötürməsi barədə xəbərlər həqiqətə uyğun deyil: "Sanksiya 2019-cu ildə verilib. Yeri gəlsə, bizim də etirazımız var. Etirazımız odur ki, bunu daha erkən bilməyimiz daha yaxşı olardı. Bu gün "Sumqayıt", "Araz-Naxçıvan" komandaları etiraz etməlidirlər. Çünki onlar bunu daha erkən bilsəydilər, avrokubok yarışından erkən qopmazdılar. Yaxud da ola bilərdi ki, biz də 4-cü yerdən kənarda qaldıqdan sonra əl-qolumuzu aşağı salardıq və 5-ci yer üçün mübarizə aparmazdıq. Yaxşı olardı ki, "Turan Tovuz"un vəsiqə qazansa belə, avrokuboklarda çıxış edə bilməyəcəyini daha erkən bilərdik".
Sadıqov bir azərbaycanlı kimi "Turan Tovuz"un Konfrans Liqasına qatıla bilməməsinə çox üzüldüklərini vurğulayıb: "Xüsusən də mən əvvəllər "Turan"ın formasını geyinmiş sabiq futbolçu kimi istərdim ki, bu rayon 32 ildən sonra avrokuboklarda təmsil olunsun. Ortada 32 illik həsrət var idi. Komandanın bu il avrokuboklarda çıxış edəcəyi baxımından, "Turan Tovuz" adına çox sevinmişdim. Baxmayaraq ki, çempionatda rəqib idik. Üzgünük, amma bu qərar 7 il əvvəl qəbul olunub. Nə qədər etirazlar olsa da, bu yöndə mübarizə aparılsa da, qərar dəyişmədi".
Baş məşqçi etiraf edib ki, "Zirə" "Turan Tovuz"un kənarlaşdırılmasından sonra Konfrans Liqasında iştirakdan imtina etmək istəyib: "Biz də son ana qədər gözləyirdik. Hətta belə bir məqam var idi: Rəhbərlik və məşqçilər heyəti olaraq, öz aramızda imtina versiyası da var idi. Çünki avrokuboklara qəti hazır deyildik. Çempionat bitdikdən sonra rəhbərliklə görüşümüzdə belə bir qərar qəbul etmişdik ki, yeni heyət formalaşdıraq, 2-3 ilin planını tutaq. Elə də oldu: Çoxsaylı futbolçular getdi. İmtina versiyası üzərində söhbət oldu. Sadəcə, maraqlandıq, məlum oldu ki, imtina etsək, bizi də cəza gözləyəcək. Artıq bütün hazırlığımızı "Torpedo Kutaisi" ilə oyun üzərində qurmuşuq. Hər zaman istəyirik ki, yaxşı çıxış edək. Amma rəqibimiz də çox ciddidir. Əlimizdən gələni edəcəyik ki, nəticə yaxşı olsun. Burada "Zirə"ni və ya digər komandaları günahlandırmaq düzgün deyil. Daha doğru təhlil aparılsa, bizim məsələyə heç bir aidiyyatımızın olmadığı üzə çıxar".
















































































