"Rəqib barədə müəyyən məlumatlar toplamağa başlamışıq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" komandasına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
44 yaşlı mütəxəssisin fikrincə, qonşu ölkə təmsilçisi müəyyən üstünlüklərə malikdir: "Rəqibin iyunun 17-də oyunu olub, iyunun 22-də isə növbəti matçını keçirəcək. İyulun 8-də bizimlə oynayacaqları ilk qarşılaşmayadək çempionat görüşləri olmayacaq. Bu baxımdan, düşünürəm ki, onlar üçün proqram daha uyğundur. Həm bizimlə qarşılaşana qədər yetərincə oyun praktikaları olacaq, çünki çempionatın davam etməsi bir üstünlükdür. Həm də bizimlə oyundan öncə çempionata 16 günlük pauza verilməsi daha da yaxşı hazırlaşmalarına şərait yaradır".
Sadıqov bildirib ki, "Torpedo Kutaisi" təcrübəli yerli və əcnəbi futbolçulardan qurulmuş yaxşı kollektivdir: "Düşünürəm ki, bizi olduqca maraqlı oyun gözləyir. Burada vacib olan məsələ ilk oyunda hansı komandanın daha yaxşı keyfiyyətlər üzərindən çıxış edə bilməsidir. Ümumilikdə "Zirə" və "Torpedo Kutaisi" iki eyni səviyyəli komandadır. Hər iki kollektiv artıq 3-4 ildir avrokuboklarda stabil oynayır. Kipr "Omoniya"sına məğlub olduğumuz mövsümdə bizdən əvvəl bu kluba "Torpedo Kutaisi" uduzmuşdu. Onları həmin dövrdən tanıyırdım. Hər iki qarşılaşmanın olduqca gərgin keçəcəyini düşünürəm".
Qeyd edək ki, "Zirə" "Torpedo Kutaisi" ilə ilk oyununu 7 iyulda evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.














































































