2026-cı il dünya çempionatında uğursuz çıxış edən Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler komandanın turnirlə erkən vidalaşmasından sonra azarkeşlərə müraciət edib.
Sportnet.az xəbər verir ki, D qrupunun II turunda Paraqvaya 0:1 hesabı ilə məğlub olan "ay-ulduzlular" pley-off mərhələsinə yüksəlmə şanslarını vaxtından əvvəl itiriblər.
Matçdan sonra danışan Arda Güler komandanın uğursuz nəticəsinə görə azarkeşlərdən üzr istəyib: "Əslində deyiləcək çox şey yoxdur. Çox üzgünüz, böyük bir xəyal qırıqlığı yaşayırıq. Hətta utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Bu formanı geyinən futbolçular olaraq daha yaxşısını etməli idik".
Gənc futbolçu qeyd edib ki, Türkiyə millisində çıxış edən oyunçuların böyük klublarda forma geyinməsinə baxmayaraq, meydanda istənilən nəticəni əldə edə bilməyiblər: "Çox böyük komandalarda oynayırıq, hamımız özümüzdən çox şey gözləyirdik. Belə olmamalı idi. Amma bundan sonra qarşıdakı turnirlərdə bunu unutdurmaq üçün əlimizdən gələni edəcəyik. Mən də hər zaman bunun üçün çalışacağam".
Arda komanda daxilində hər hansı problemin olması ilə bağlı iddiaları da rədd edib: "Komanda ruhu, kollektiv daxilində dostluq və birliklə bağlı heç bir problem yoxdur. Hamımız bir-birimiz üçün mübarizə aparırıq. Sadəcə meydanda istədiyimizi edə bilmədik, qol vura bilmədik. Əsas problem bu idi".
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının qrup mərhələsində keçirdiyi ilk iki oyunda xal qazana bilməyib. Komanda əvvəlcə Avstraliyaya 0:2, daha sonra isə Paraqvaya 0:1 hesabı ilə uduzub.
Beləliklə, qardaş ölkə yığması 2026-cı il dünya çempionatında qrup mərhələsinin ikinci turundan sonra pley-off şanslarını itirən ikinci komanda olub. Bundan əvvəl Haiti yığması da turnirlə erkən vidalaşmışdı.




















































































