Elşən MƏMMƏDOV
Hakim "səhv"ləri təkcə bu gün baş verməyib, heç dünənin də deyil.
Bu gün "Neftçi"yə qarşıdır, ötən turlarda "Turan Tovuz", "Qəbələ", "Araz-Naxçıvan", "Sumqayıt", "Qarabağ" və digər klublar əleyhinə olub.
Turdan-tura, aydan-aya keçməkdədir. Hər açılan SABAH hakim səhvi deməkdir.
Hər tur deyirik, yazırıq. Nə dəyişir ki? Dəyişən, sadəcə, AFFA Hakimlər Komitəsinin sədridir. Başqa heç kim və heç nə dəyişməyib!
Bu mövsümün "səhv"lərinin əsası, bilirsinizmi, nə vaxt qoyulub? 2025-ci il fevralın 3-də legioner limitinin ləğvindən sonra.
Qurban Qurbanovun sözü kimi çıxmasın, yazacağam, deyəcəklər ki, yenə də "Sabah", Sabah"!
Niyə bu cür ciddi "səhv"lər məlum klubun oyunlarında baş vermir?
Niyə o komandanın qapısına heç olmasa, bircə penalti təyin olunmur?
Burada söhbət konkret ittihamdan yox, ümumi yanaşmada ardıcıllıq və bərabərlik prinsipindən gedir. Eyni tip epizodlar müxtəlif oyunlarda fərqli qiymətləndirilirsə, bu, suallar doğurur və izahat tələb edir.
"Neftçi"yə gəldikdə, həqiqətən də çox üzücü mənzərədir. Azərbaycanın ən qocaman klubu, görün, kimlərin hədəfinə çevrilib?!
Özü də ən çox haqsızlıq görən klub, heç şübhəsiz ki, "Neftçi"dir. Baxın, kimlər bu qosqoca kluba ilişib-daş atırlar?!
Vaxtilə Samir Abasov deyirdi: "Lazımi adamlar bir gün yumruqlarını masaya möhkəm çırpacaqlar. Ondan sonra nə olacaqsa, Allah qorusun"!
Lazımi adamlar öz yerində, niyə "Neftçi"nin veteranları, onları və "Neftçi"ni AFFA İcraiyyə Komitəsində təmsil edən Səməd Qurbanov səsini çıxarmır? Bəlkə o da Qurban Qurbanov kimi, AFFA İcraiyyə Komitəsinə bir illik ban qoysun? Edə bilməzmi?
Hardadır "Neftçi" mənə doğma komandadır" deyənlər?
"Neftçi" dönüb qoz ağacına, hər çatan daş atır. Hələ ki, o ağacdan xırda-xırda vurub nə isə yerə sala bilirlər.
Bir gün yel möhkəm əsəcək, tufan qopacaq və o qozlar töküləcək ona daş atanların təpəsinə!
O gün çox da uzaqda deyil...












































































