Argentinanın Neuken əyalətinin Kutral Ko şəhərində dünya futbolunun ulduzu Lionel Messiyə həsr olunmuş nəhəng heykəlin açılışı baş tutub.
Sportnet.az "Ole" nəşrinə istinadən xəbər verir ki, yerli heykəltəraş Aldo Beroisanın müəllifi olduğu abidənin hündürlüyü 26 metrdir.
Bununla da yeni heykəl Hindistanda Messiyə həsr olunmuş və 21 metr hündürlüyündə olan abidəni geridə qoyaraq dünyanın ən hündür Messi heykəlinə çevrilib.
Qeyd edək ki, Lionel Messi hazırda ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında çıxış edir. İlk turda Əlcəzairi 3:0 hesabı ilə yendikləri qarşılaşmada Argentina millisinin kapitanı "het-trik" edib. Bununla da Messi mundiallarda vurduğu qolların sayını 16-ya çatdıraraq Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klose ilə bombardirlik rekordunu bölüşüb.
Argentina millisi mundialdakı növbəti oyununu iyunun 22-də Avstriya yığmasına qarşı keçirəcək.















































































