2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin daha bir görüşü Belçika və Seneqal milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərindəki "Lümen Fild" stadionunda keçirilən oyunu honduraslı baş hakim Said Martines idarə edib.
Dramatik qarşılaşmada Belçika əlavə vaxtda 3:2 hesablı qələbə ilə 1/8 finala yüksəlib.
Hesabı 24-cü dəqiqədə Habib Diarra açıb. Seneqalın üstünlüyünü 51-ci dəqiqədə İsmaïla Sarr iki topa çatdırıb.
Belçika isə son dəqiqələrdə möhtəşəm geri dönüş edib. 86-cı dəqiqədə Romelu Lukaku fərqi azaldıb, 89-cu dəqiqədə isə Yuri Tilemans hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb.
Qalib 120+5-ci dəqiqədə müəyyənləşib. Hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirən Tilemans özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq Belçikaya 3:2 hesablı qələbə qazandırıb.
Belçika millisi bununla da dünya çempionatının 1/8 finalına vəsiqə əldə edib. Komanda növbəti mərhələdə ABŞ – Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Belçika qrup mərhələsini G qrupunun lideri kimi başa vurmuşdu. Seneqal isə I qrupunda üçüncü yeri tutaraq pley-offa yüksəlmişdi.










































































