Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messinin atası Xorxe Messinin səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, ailənin yaydığı açıqlamada Xorxe Messinin hazırda müəyyən sağlamlıq problemləri ilə üzləşdiyi, lakin həkim nəzarəti altında müalicə aldığı və vəziyyətinin müsbət istiqamətdə inkişaf etdiyi bildirilib.
Açıqlamada son saatlarda mediada və sosial şəbəkələrdə yayılan məlumatlardan narahatlıq ifadə olunub: "Messi ailəsi bəzi şəxslərin tamamilə şəxsi ailə məsələsi olan bu mövzunu işıqlandırarkən həssaslıq, hörmət və peşəkarlıq nümayiş etdirməməsindən dərin narazılığını bildirir. Xorxe Messinin səhhəti ilə bağlı dəqiq və etibarlı məlumat yalnız onun yaxın ailə üzvlərində mövcuddur. Buna görə də ailənin və ya rəsmi kanalların yaymadığı hər hansı məlumat doğru hesab edilməməlidir".
Ailə həmçinin ictimaiyyəti məsuliyyətli davranmağa, ehtimallara və təsdiqlənməmiş məlumatlara əsaslanmamağa çağırıb.
Qeyd edək ki, daha əvvəl bəzi KİV-lər Messinin 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair üzərində 3:0 hesablı qələbə ilə başa çatan oyunda vurduğu ilk qoldan sonra göz yaşlarını atasının xəstəliyi ilə əlaqələndirmişdilər. Həmin görüşdə argentinalı ulduz het-trik müəllifi olub.





















































































