Futbol üzrə Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese vəzifəsindən ayrılıb.
Sportnet.az xəbər verir ki, buna komandanın ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında mübarizəni dayandırması səbəb olub.
Ekvador yığması mundialın 1/16 final mərhələsində Meksikaya 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Qarşılaşmadan sonra argentinalı mütəxəssis komandadakı fəaliyyətini başa vurduğunu açıqlayıb.
“Bu macəraya görə minnətdaram. Əlbəttə, yolumuza davam etməyi və qələbə qazanmağı istərdim. Amma futbolun qanunları belədir, nəticələr həlledici rol oynayır. Bu gözəl kollektivlə vidalaşıram. Əlimizdən gələni etdik və buna görə daxili rahatlıq hissi keçirirəm”, – deyə Bekkasese bildirib.
Ekvador Futbol Federasiyası ilə Sebastyan Bekkasese arasında müqaviləyə əsasən, baş məşqçinin komandadakı gələcəyi yığmanın dünya çempionatındakı çıxışından asılı idi. Meksikaya məğlubiyyətdən sonra tərəflər əməkdaşlığı başa çatdırıblar.













































































