Bakıda keçirilən UFC Fight Night: Fiziev vs. Torres turniri 72 ölkədən gələn azarkeşləri bir araya gətirib.
Sportnet.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa ümumilikdə 11 minə yaxın tamaşaçı qatılıb.
Təşkilatçıların açıqladığı məlumata görə, satılan biletlərin təxminən 40 faizi xarici azarkeşlərin payına düşüb. Turniri izləmək üçün Azərbaycana dünyanın 72 ölkəsindən qonaqlar gəlib. Biletlər qısa müddətdə satılıb və yarış günü arenada bütün yerlər dolu olub.
Bakı ardıcıl ikinci dəfə UFC Fight Night turnirinə ev sahibliyi edib. Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinin keçirildiyi yeganə ölkədir. Asiyada isə UFC yarışları yalnız Çin, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında təşkil olunur.
Turnir ərəfəsində şəhərdə UFC ilə bağlı müxtəlif tədbirlər keçirilib. Dənizkənarı Bulvarda təşkil olunan açıq məşq proqramı və yarışdan əvvəl baş tutan təntənəli çəkiölçmə mərasimi azarkeşlərin böyük marağına səbəb olub. Döyüşçülərin qaldığı otelin qarşısında da gün ərzində çoxsaylı azarkeş toplaşaraq idmançılarla görüşmək və onlardan imza almaq imkanı əldə edib.
Turnir çərçivəsində ümumilikdə 13 döyüş keçirilib. Qarşılaşmaların 9-u vaxtından əvvəl başa çatıb.
Yarış Azərbaycan MMA-sı üçün də əlamətdar olub. İlk dəfə olaraq eyni UFC turnirində dörd azərbaycanlı döyüşçü oktaqona çıxıb. Onlardan üçü qələbə qazanıb. Hazırda UFC-də beş azərbaycanlı döyüşçü mübarizə aparır.
Bakıda keçirilən UFC Fight Night turniri həm tamaşaçı marağı, həm də təşkilati göstəricilər baxımından diqqət çəkib. Yarışın ölkədə qarışıq döyüş növlərinə marağın artmasına və Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi istiqamətində fəaliyyətinə töhfə verdiyi bildirilir.




































































































