Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokunda 1/4 finala yekun vurulub.
Sportnet.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.
Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. O, rəqibinə ikinci raundda nokautla qalib gəlib. Cəfərov yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.
Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.
Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən azərbaycanlı boksçuların sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominges (90 kq) də yarımfinala vəsiqə qazanıb. O, İsaak Oko (İngiltərə) ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, yarımfinal döyüşləri iyunun 20-də olacaq.

















































































