2026-cı il dünya çempionatının D qrupunda II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-ın Santa Klara şəhərindəki “Levi’s” stadionunda Türkiyə və Paraqvay milliləri üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma Paraqvay yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 2-ci dəqiqədə Matias Qalarsa vurub. İlk hissənin kompensasiya olunmuş vaxtında Paraqvay millisinin təcrübəli futbolçusu Migel Almiron qırmızı vərəqə alaraq meydandan qovulub. Hücumçunun ağzını əli ilə örtərək danışmasından sonra salvadorlu baş hakim İvan Barton ona birbaşa qırmızı vərəqə göstərib.
Beləliklə, Paraqvay ikinci hissəni azlıqda keçirsə də, hesab üstünlüyünü qorumağı bacarıb. Türkiyə isə say üstünlüyündən yararlana bilməyib və mundialda ardıcıl ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, D qrupunun ilk turunda Türkiyə Avstraliyaya 0:2 hesabı ilə uduzub, Paraqvay isə ABŞ-yə 1:4 hesabı ilə məğlub olmuşdu.
Dünya çempionatı 2026
D qrupu, II tur
Türkiyə – Paraqvay 0:1
Qol: Matias Qalarsa, 2
Qırmızı vərəqə: Migel Almiron, 45+3 (Paraqvay)
Santa Klara (ABŞ), "Levi`s stadionu".



















































































