Azərbaycanlı ağırlıqqaldıran Nurlan Rəsulov dopinq qaydalarını pozduğuna görə 5 il müddətinə idmandan kənarlaşdırılıb.
Sportnet.az Beynəlxalq Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, 2025-ci il oktyabrın 24-də yarışdankənar, noyabrın 2-də isə Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr və U-23 Avropa çempionatı zamanı Rəsulovdan götürülən dopinq nümunələri qadağan olunmuş maddələrə görə müsbət nəticə verib.
İdmançının analizlərində testosteron, androsteron, etioxolanolon, adiol törəmələri, həmçinin boldenon və onun metaboliti aşkarlanıb. Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısında yer alan bu preparatlar anabolik-androgen steroidlər sinfinə daxildir və həm yarış, həm də yarışdankənar dövrdə istifadəsi qadağandır.
Qeyd edək ki, Nurlan Rəsulov 2025-ci il noyabrın 28-də müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. O, antidopinq qayda pozuntusuna etiraz etməyib və Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) qaydalarına uyğun olaraq tətbiq edilən sanksiyalarla razılaşıb.
İTA-nın bildirdiyinə görə, idmançı pozuntunu erkən etiraf etdiyi üçün cəza müddətində müəyyən güzəşt tətbiq olunub. Buna baxmayaraq, ağırlaşdırıcı halların mövcudluğu nəzərə alınaraq diskvalifikasiya müddəti 5 il müəyyənləşdirilib.
Beləliklə, Rəsulovun cəzası 28 noyabr 2025-ci ildən 27 noyabr 2030-cu ilədək qüvvədə olacaq. Bundan əlavə, onun 24 oktyabr 2025-ci ildən 28 noyabr 2025-ci ilədək əldə etdiyi bütün fərdi nəticələr, o cümlədən Dürresdə keçirilmiş yeniyetmələr və U-23 Avropa çempionatındakı göstəriciləri ləğv edilib.
Qərardan İdman Arbitraj Məhkəməsinin (CAS) Apellyasiya Palatasına şikayət vermək mümkündür.











































































