Efiopiyanın yeniyetmə futbolçulardan ibarət milli komandası İsveçin Höteborq şəhərində keçirilən “Gothia Cup” turnirində iştirak etdikdən sonra tam heyətlə itkin düşüb.
Sportnet.az xəbər verir ki, bu barədə “Goteborg-Posten” qəzeti məlumat yayıb.
İddiaya görə, itkin düşənlər arasında yaşı 14-17 arasında olan 20 futbolçu və komandanın bir rəhbəri var. Bildirilir ki, turnirin son günündə komanda üzvləri yarış müddətində qaldıqları bazanı heç kimə məlumat vermədən tərk ediblər.
İlkin ehtimallara əsasən, yeniyetmələrin Efiopiyaya qayıtmamaq və İsveçdə sığınacaq almaq məqsədilə ölkədə qalmağa qərar verdikləri güman olunur.
İsveç polisi hadisə ilə bağlı araşdırmalar aparır. Polis nümayəndələri bildiriblər ki, hazırda insan alveri və ya digər qanunsuz fəaliyyətlə bağlı hər hansı əlamət müəyyən edilməyib.














































































