"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində KuPS üzərində qazanılan qələbədən sonra komandasının tarixi nəticəyə imza atdığını bildirib.
Sportnet.az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə yüksəlməsini böyük uğur kimi dəyərləndirib.
"Komandanı, azarkeşləri, klub rəhbərliyini və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik edirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur. Çox çətin iki oyundan sonra bunu bacardığımız üçün fəxr edirəm. KuPSun azarkeşlərini də təbrik edirəm, onlar da komandaları ilə fəxr edə bilərlər", – deyə Dambrauskas bildirib.
Baş məşqçi etiraf edib ki, ilk hissədə Finlandiya çempionu üstün təsir bağışlayıb:
"İlk oyunda 1:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, rəqib bu matça çox yaxşı hazırlaşmışdı. Birinci hissədə onlar daha üstün idilər. Fasilədə futbolçularla söhbət etdik, nələri dəyişməli olduğumuzu müzakirə etdik. Şadam ki, ikinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Daha yaxşı oynadıq, qol vurduqdan sonra isə oyuna tam nəzarət etdik. İki görüşün nəticəsinə əsasən mərhələni keçdiyimiz üçün çox xoşbəxtəm".
Dambrauskas artıq növbəti sınağa kökləndiklərini də vurğulayıb:
"Bu gecə Bakıya qayıdırıq və gələn həftə bizi gözləyən oyuna hazırlaşacağıq. Avrokuboklarda mübarizə böyük güc və yüksək hazırlıq tələb edir".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində KuPSu hər iki oyunun nəticəsinə əsasən (1:0, 2:0) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib. Bakı klubu bununla minimum UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını da təmin edib.














































































