"Sabah" klubu tarixində ilk dəfə avrokubokların əsas raunduna vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn Azərbaycan təmsilçisi ən azı Konfrans Liqasının Liqa mərhələsində yerini təmin edib.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv qitənin ən nüfuzlu klub turnirinin II raundunda Finlandiya KuPS-unu həm evdə, həm də səfərdə məğlubiyyətə uğradıb - 1:0, 2:0.
Bu isə o deməkdir ki, "Sabah" qarşıdakı iki mərhələni də keçsə, Çempionlar Liqasının, bir mərhələni uduzsa, Avropa Liqasının, hər iki mərhələdə yenilsə, Konfrans Liqasının Liqa mərhələsində çıxış edəcək.
Qeyd edək ki, "Sabah" Azərbaycanı avrokubokların əsas mərhələsində təmsil edəcək dördüncü klub olacaq. Daha əvvəl "Qarabağ" 12, "Qəbələ" 2, "Neftçi" isə 1 dəfə bu sevinci yaşayıb.














































































