Türkiyənin “Beşiktaş” klubu Məhəmməd Salahın transferi ilə bağlı danışıqları müvəqqəti dayandırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "qartallar"ın futbol direktoru Öndər Özön “beIN SPORTS Türkiye”yə açıqlamasında bildirib.
O, misirli hücumçu ilə ilkin mərhələdə üç dəfə ünsiyyətdə olduqlarını söyləyib: “Məhəmməd Salah dünya ulduzudur. Onun beynəlxalq səviyyədə tanınması çox yüksəkdir. Danışıqların ilkin mərhələsində mən və baş məşqçimiz Vinçentso İtalyano Məhəmməd Salahla üç dəfə əlaqə saxladıq. Lakin ilk günlərdə, iyulun 21-dən etibarən yaranan müsbət dinamika zəiflədi”.
Onun sözlərinə görə, “Beşiktaş” rəhbərliyi 33 yaşlı futbolçunun transferi ilə bağlı danışıqları hazırda davam etdirməmək qərarına gəlib: “Prezidentimiz dayanmaq lazım olan məqamı çox düzgün müəyyənləşdirdi və bu mövqedə qaldı. Populist yox, realist qərar verdi və hazırda danışıqlardan geri çəkildi. Məhəmməd Salah məsələsi bizim üçün hələlik təxirə salınıb”.
Qeyd edək ki, daha əvvəl 33 yaşlı hücumçunun yay transfer pəncərəsində İngiltərə “Liverpul”undan ayrılmasından sonra “Beşiktaş”a keçə biləcəyi barədə məlumatlar yayılmışdı. İstanbul təmsilçisi futbolçu ilə danışıqlar aparsa da, tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib.













































































