Türkiyəli futbol jurnalisti Muhammet Duman Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun “Bursaspor”a transferini yüksək qiymətləndirib.
Bu barədə Sportnet.az-a danışan həmkar Toral Bayramovun həm Azərbaycan futbolunun, həm də “Qarabağ”ın son illərdə yetişdirdiyi ən keyfiyyətli sol cinah oyunçularından biri olduğunu bildirib.
Jurnalistin sözlərinə görə, 25 yaşlı futbolçu karyerası ərzində 70-dən çox avrokubok oyununda iştirak edib, Azərbaycan millisində isə 42 görüş keçirib. O vurğulayıb ki, Toral Bayramovun transferi “Bursaspor” azarkeşləri arasında böyük maraq və həyəcan yaradıb:
“Türkiyədə “Qarabağ” Azərbaycanın ən güclü klublarından biri kimi tanınır. Belə bir komandadan ölkənin ən yaxşı sol müdafiəçilərindən birinin transfer olunması “Bursaspor” üçün mühüm uğurdur”.
Muhammet Duman qeyd edib ki, Toral Bayramov ötən mövsüm 45 rəsmi oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, futbolçunun həm hücumda, həm də müdafiədə yüksək keyfiyyətlərə malik olduğunu bildirib:
“Toral sürəti, texnikası və uzaq məsafədən vurduğu qollarla seçilir. Sol ayağından çox effektiv istifadə edir, standart vəziyyətlərdə komandaya fayda verir. Hava toplarında və ikili mübarizələrdə də üstün xüsusiyyətlərə sahibdir”.
Jurnalist Azərbaycanlı futbolçunu oyun üslubu baxımından İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Miloş Kerkeş və İspaniyanın “Real" (Madrid) komandasının futbolçusu Alvaro Karreras ilə müqayisə edib.
O, Toral Bayramovun UEFA Çempionlar Liqasında qazandığı təcrübənin “Bursaspor”un müdafiə xəttinə əlavə güc verəcəyini vurğulayıb:
“Bursaspor” bu mövsüm çox iddialı heyət formalaşdırıb. Toral Bayramovun transferi klubun yenidən Türkiyə Superliqasına yüksəlmək hədəfinə ciddi töhfə verəcək. O, Türkiyə futbolunun dəyərinə də müsbət təsir göstərəcək futbolçulardandır”.
Muhammet Duman, həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Toral Bayramovun inkişafında mühüm rol oynadığını qeyd edib və futbolçunun gələcəkdə Avropanın aparıcı liqalarında çıxış edə biləcək potensiala sahib olduğunu sözlərinə əlavə edib.







































































