Final görüşünədək uğurla irəliləmişdim. Çəkdiyim əziyyətlərin bəhrəsi kimi medalsız qalmadım. Həlledici qarşılaşmada bir qədər uğursuzluq olsa da, həvəsdən düşmək olmaz. İnamımı itirmədən daha çox çalışacaq və əlimdən gələnin en yaxşısını etməyə davam edəcəyəm.
Sportnet.az xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov (80 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
O, məşqçilər korpusuna minnətdarlığını bildirib: “Şəxsi məşqçim Turac Hüseynliyə, Taleh Məmmədova, eləcə də milli komandanın məşqçiləri Rafiq Hüseynova, Kamran Məmmədova və digər mütəxəssislərə təşəkkür edirəm. Ölkə çempionatından sonra fasiləsiz olaraq təlim-məşq toplanışlarında olduq, böyük əziyyət çəkdik. Əlbəttə, nəticə daha yaxşı da ola bilərdi, amma qismət belə imiş”.
Final görüşündəki epizodu şərh edən güləşçi texniki xətadan təəssüfləndiyini vurğulayıb: “Qarşılaşmanın ilk dəqiqələri yaxşı keçdi, önə keçərək parterdə lazımi fənd üçün tutuş aldım. Lakin tutumum bir qədər yuxarı qalxdı, lazımi qaydada fəndi tamamlaya bilmədim. İkinci hissədə rəqib üstünlük qazandı. Artıq nəyisə dəyişmək mümkün deyil, əsas odur ki, gələcək turnirlərdə bu səhvləri təkrar etməyim”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.














































































