“İki komanda arasında çoxlu müqayisələr aparmaq olar".
Sportnet.az-ın məlumatına görə, bunu Bolqarıstan millisinin sabiq futbolçusu Simeon Slavçev sabiq klubu "Qarabağ"ın "MOİK Sofiya"ya qarşı keçirəcəyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
Hazırda yerli "Minyor Pernik" komandasında çıxış edən 33 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin fəaliyyətini yüksək qiymətləndirib: “Qarabağ” Azərbaycanın simvoludur, çoxları bu komandaya azarkeşlik edir. Amma azarkeşlərin sayı və dəstək baxımından onu heç bir halda MOİK-lə müqayisə etmək olmaz. Qurban Qurbanov 15 ildən artıqdır ki, klubda baş məşqçi işləyir. Əvvəllər o da hazır deyildi. Amma indi öz oyun üslubunu formalaşdırıb, klubu sıfırdan qurub. Transferlər, klubun siyasəti, məşq metodları – demək olar ki, hər məsələdə onun söz haqqı var. “Qarabağ”da kimlik və üslub var, xaos yoxdur. Komandanın hər səviyyəsində sabitlik hökm sürür və nəticə gözlənilir. “Qarabağ” isə Avropada nəticə qazana bildiyini göstərir. Üstəlik, klubun büdcəsi o qədər də böyük deyil”.
Təcrübəli oyunçu MOİK-in inkişaf istiqamətinə də toxunub: “MOİK-in belə maliyyə imkanları ilə düzgün istiqamətdə addımlar atması – stadion, uşaq və gənclər akademiyası, məşq bazası yaratması yaxşı haldır. Bundan sonra futbolçulara, məşqçiyə və gələcək uğurlara baxmaq lazımdır”.
Slavçev Bakıdakı ilk oyundan əvvəl də 0:0 hesabının MOİK üçün müsbət nəticə ola biləcəyini söylədiyini xatırladıb. O, cavab qarşılaşmasında azarkeş amilinin də mühüm rol oynayacağını vurğulayıb: “Bakıdakı oyunla bağlı demişdim ki, 0:0 hesabı indiki vəziyyətlə müqayisədə MOİK üçün müsbət nəticə olardı. Azarkeşlər stadionu doldurub yaxşı atmosfer yaratsalar, bu, futbolçulara fərdi olaraq kömək edə bilər. Bu oyunu maraqlı edən məqamlardan biri də Qurban Qurbanovun futbolçuları və oyun üslubunu çox detallı təhlil etməsi, taktiki tələlər qurmağı bacarmasıdır. Eyni zamanda, ikinci oyundan sonra necə yanaşma seçəcəyinə baxmaq lazımdır. O, rəqibi taktiki cəhətdən üstələyib qalib gəlməyə çalışacaq, yoxsa 0:0 hesabını qoruyub əlavə vaxt və penaltilər seriyasına ümid edəcək”?
Qeyd edək ki, MOİK və “Qarabağ” arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu iyulun 28-də Sofiyada keçiriləcək. İlk qarşılaşmada komandalar Bakıda 0:0 hesablı heç-heçə edib.












































































