Komandada əhval-ruhiyyə çox yaxşıdır. Qarşıda bizi böyük əhəmiyyət daşıyan bir oyun gözləyir. Hər matça olduğu kimi, bu görüşə də ən yaxşı şəkildə hazırlaşmağa çalışırıq.
Sportnet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın MOİK (Sofiya) klubunun müdafiəçisi Anxelo Martino UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Argentinalı futbolçu bildirib ki, məqsədləri futbol keyfiyyətlərini meydanda göstərmək, klubun imicini layiqincə qorumaqdır: “Güclü tərəflərimizdən maksimum istifadə edərək qələbə qazanmaq, komandamızı ən yaxşı şəkildə təmsil etmək istəyirik. Hər oyundan əvvəl olduğu kimi, bu qarşılaşmaya da ən yaxşı formada köklənməyə çalışırıq”.
Qeyd edək ki, iyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək MOİK – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.














































































