2026-cı il dünya çempionatının 1/16 final mərhələsində daha bir görüş İsveçrə və Əlcəzair milliləri arasında təşkil olunub.
Sportnet.az xəbər verir ki, Kanadanın Vankuver şəhərindəki "BC Pleys" stadionunda təşkil olunmuş qarşılaşma İsveçrə yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Argentinalı baş hakim Yael Falkonun idarə etdiyi matçda hesabı 10-cu dəqiqədə Bril Embolo açıb. Fasilədən dərhal sonra, 46-cı dəqiqədə Dan Ndoy fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb və matçın yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, 1938-ci il dünya çempionatından sonra ilk dəfə pley-off mərhələsini adlamağı bacaran İsveçrə millisi 1/8 final mərhələsinə yüksəlib və Kolumbiya - Qana cütünə rəqib olub.
Qeyd edək ki, İsveçrə B qrupunu lider tamamlayaraq pley-offa vəsiqə qazanmışdı. Əlcəzair isə J qrupunda üçüncü yeri tutmasına baxmayaraq, pley-off mərhələsinə yüksəlməyi bacarmışdı.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, ABŞ və Meksikada keçirilir. Mundialın son qalibi Argentina millisidir.








































































