Azərbaycanlı futbolçu Rüfət Abdullazadə İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna transfer olunmazdan əvvəl İsrail vizasını alıb.
Sportnet.az xəbər verir ki, bu münasibətlə futbolçu Bakıdakı İsrail səfirliyində qəbul edilib.
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Rüfət Abdullazadə ilə görüşərək ona İsrail futbolunda yeni karyera mərhələsinin başlanğıcında uğurlar arzulayıb.
Görüş zamanı İsrail və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin idman sahəsində də öz əksini tapdığı vurğulanıb.
Qeyd edilib ki, idman iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın inkişafına töhfə verir.
Xatırladaq ki, Rüfət Abdullazadə müqavilə əsasında Xorvatiya təmsilçisi "Varajdin"ə məxsusdur.









































































