Portuqaliyanın "Benfika" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
Sportnet.az xəbər verir ki, Lissabon komandasına bundan sonra Marku Silva rəhbərlik edəcək.
48 yaşlı portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Sazişdə anlaşmanın 2028/2029 mövsümünün sonunadək uzadılması imkanı da nəzərdə tutulub.
"Benfika" bundan əvvəl baş məşqçi Joze Mourinyo ilə yollarını ayırdığını açıqlamışdı. Klubun yaydığı məlumata görə, İspaniyanın "Real Madrid" komandası təcrübəli mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün 15 milyon avro ödəyib. Mourinyonun da əməkdaşlığın dayandırılmasına razılıq verdiyi bildirilib.
Qeyd edək ki, Marku Silva son olaraq İngiltərənin "Fulhem" klubunda çalışıb. O, 2021-ci ildən London təmsilçisinin baş məşqçisi olub. İyunun 2-də tərəflər arasında əməkdaşlığa son qoyulduğu açıqlanıb. "Fulhem" ötən mövsüm İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub.



















































































