Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının 1/16 finalında Xorvatiya üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra açıqlama verib.
Sportnet.az xəbər verir ki, matçda penaltidən fərqlənən təcrübəli futbolçu hazırda gələcəyi barədə düşünmədiyini bildirib.
"Kriştianunun gələcəyinin hazırda heç bir əhəmiyyəti yoxdur. Qələbədən və ya məğlubiyyətdən sonra bu barədə danışmağa vaxtım olacaq. Ailəmlə məsləhətləşəcəyəm və ən yaxşı qərarı verəcəyəm. Artıq qərarları tələsik vermirəm. Hər şey sakit şəkildə baş verir. İndi isə bugünkü anın həzzini çıxarmaq lazımdır", - deyə 41 yaşlı oyunçu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun bacısı Katya Aveyru hücumçunun 2026-cı il dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracağını açıqlamışdı.
Xatırladaq ki, Portuqaliya 1/16 finalda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Baş məşqçi Roberto Martinesin komandası növbəti mərhələdə İspaniya millisi ilə qarşılaşacaq.







































































