2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya millisi Xorvatiyanı dramatik mübarizədə 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Kanadanın Toronto şəhərindəki "BMO Fild" stadionunda keçirilən qarşılaşmada hesabı ikinci hissədə Xorvatiya yığması açıb.
İvan Perişiç 53-cü dəqiqədə komandasını önə keçirib.
Portuqaliya 68-ci dəqiqədə Kriştianu Ronaldunun penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Görüşün taleyi isə əlavə vaxtda həll olunub. 90+4-cü dəqiqədə Qonsalu Ramuş fərqlənərək Portuqaliyaya əzmkar qələbə qazandırıb.
Matçda ləğv edilən qollar da diqqət çəkib. Ronaldunun bir qolu VAR müdaxiləsindən sonra hesaba alınmayıb. Xorvatiyanın isə iki qolu qeydə alınmayıb. Onlardan biri 90+13-cü dəqiqədə vurulsa da, norveçli baş hakim Espen Eskos tərəfindən ləğv edilib.
Beləliklə, Roberto Martinesin rəhbərlik etdiyi Portuqaliya millisi 1/8 finalda İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Portuqaliya K qrupunda Özbəkistanı 5:0 hesabı ilə məğlub edib, Konqo Demokratik Respublikası ilə 1:1, Kolumbiya ilə isə 0:0 hesablı heç-heçəyə razılaşaraq qrupu ikinci pillədə başa vurub. Xorvatiya isə L qrupunda İngiltərəyə 2:4 hesabı ilə uduzsa da, Panama (1:0) və Qana (2:1) üzərində qələbələr sayəsində pley-offa yüksəlib.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, ABŞ və Meksikada keçirilir. Mundialın son qalibi Argentina millisidir.









































































