"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo-Minsk" komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında ilk matçdakı məğlubiyyətdən sonra komandanın psixoloji zərbə aldığını, lakin cavab görüşünə hazır olduqlarını bildirib.
O, komandadan kişi kimi mübarizə gözlədiyini diqqətə çatdırıb: "Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar".
Vernidubun sözlərinə görə, bütün oyunçular sağlam və onun sərəncamımdadırlar: "İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah "Neftçi"yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar".
Qeyd edək ki, iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək "Dinamo-Minsk" – "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matç "İctimai TV"də canlı yayımlanacaq, "YouTube" platformasında isə qarşılaşmanı yalnız "Neftçi TV" vasitəsilə izləmək mümkün olacaq.














































































