İngiltərənin "Arsenal" klubu İspaniya "Real Madrid"ində çıxış edən Vinisius Junioru heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportnet.az xəbər verir ki, London təmsilçisi braziliyalı hücumçu üçün "kral klubu"na 135 milyon avro təklif edib.
Məlumata görə, bonuslarla birlikdə transfer məbləği 145 milyon avroya qədər yüksələ bilər. 26 yaşlı vingerin karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə müsbət yanaşdığı bildirilir. Qeyd olunur ki, braziliyalı ulduz "Real Madrid"in yeni müqavilə təklifini geri çevirib.
Xatırladaq ki, Vinisius Junior 2018-ci ilin yayından "Real Madrid"in şərəfini qoruyur. Onun Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Təcrübəli hücumçu 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 53 matçda 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.








































































