Bosniya və Herseqovina millisinin və Avstriya "Zaltsburq"unun futbolçusu Kerim Alaybeqoviç dünya çempionatları tarixində diqqətçəkən rekorda imza atıb.
Sportnet.az "Squawka" statistik portalına istinadən xəbər verir ki, 18 yaşlı sol cinah hücumçusu DÇ-2026-nın qrup mərhələsinin III turunda Qətər millisi ilə oyunda vurduğu qolla 1966-cı ildən bəri dünya çempionatlarında buna nail olan ən gənc oyunçu olub.
Alaybegoviç görüşün 29-cu dəqiqəsində Başiçin ötürməsindən sonra cərimə meydançasının kənarından uzaq məsafədən dəqiq zərbə ilə hesabı açıb.
Beləliklə, bosniyalı futbolçu əvvəlki rekordun sahibi olan Fransa millisinin ulduzu Kilian Mbappeni geridə qoyub. Mbappe 2018-ci il dünya çempionatında 19 yaş 208 günlük olarkən cərimə meydançası xaricindən qol vurmuşdu. Kerim Alaybeqoviç isə 18 yaş 276 günündə ikən fərqlənib.
Qeyd edək ki, 18 yaşlı Kerim Alaybeqoviç Bosniya və Herseqovina millisinin heyətində keçirdiyi 13 oyunda 2 qola imza atıb.












































































