Qətər millisinin futbolçusu Assim Madibo 2026-cı il dünya çempionatında Kanada yığmasına qarşı ilk tur oyununda törətdiyi kobud qayda pozuntusu ilə əlaqədar 5 matçlıq cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə FIFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Madibo rəqib komandanın futbolçusu İsmael Konenin ayağına zərbə endirərək, birbaşa qırmızı vərəqə alıb. Nəticədə kanadalı yarımmüdafiəçi sol ayağının böyük və kiçik baldır sümüklərinin sınığı diaqnozu ilə əməliyyat olunub. O, mundialın qalan hissəsini buraxacaq.
Qarşılaşma Kanada millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Məlumata görə, Madibo hadisədən sonra Konedən üzr istəyib və əməliyyatdan sonra onu xəstəxanada ziyarət edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialın son qalibi Argentina millisidir.











































































