2026-cı il dünya çempionatında qrup mərhələsinin III turunun ilk oyunlarından sonra pley-offa yüksələn komandaların sayı 13-ə çatıb.
Sportnet.az xəbər verir ki, A, B və C qruplarında keçirilən qarşılaşmalardan sonra Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş milliləri 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər.
Digər qruplardan isə hələlik ABŞ, Almaniya, Argentina, Fransa, Norveç və Kolumbiya yığmaları bu hüquqa yiyələnib.
Qrup mərhələsinin yekunlaşan oyunlarının ardından mundialın ilk pley-off cütlüyü də müəyyənləşib. A qrupunun ikinci pilləsinin sahibi CAR yığması B qrupunun ikinci komandası – ev sahiblərindən olan Kanada ilə qarşılaşacaq. Komandalar arasında görüş iyunun 28-də keçiriləcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq.










































































