Azərbaycan gimnastları bir sıra beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələrə imza atıblar.
Sportnet.az xəbər verir ki, idmançılar qazandıqları medallarla ölkəmizi uğurla təmsil ediblər.
Akrobatika gimnastikası üzrə Polşanın Jeşuv şəhərində keçirilən Dünya Kubokunda böyüklər yaş kateqoriyasında qadın qrupumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət komanda 29.190 xal toplayaraq qızıl medalın sahibi olub.
Eyni yarışda gənclər yaş kateqoriyasında çıxış edən qadın qrupu da uğurlu nəticə göstərib. Ayan Hacılı, Aylin Məmmədova və Firuzə Qasımzadədən ibarət komanda 26.650 xalla gümüş medal qazanıb.
Bununla yanaşı, Rusiyanın Stavropol şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Yarışda tamblinq üzrə Azərbaycanı təmsil edən idmançılar da uğurla çıxış ediblər. Mixail Malkin qızıl medal qazanaraq turnirin qalibi olub, Adil Hacızadə isə gümüş medala layiq görülüb.










































































