Gənclərin əhalinin təxminən 22,5 faizini təşkil etdiyi Azərbaycanda onlara investisiya qoyuluşu milli prioritet olaraq qalmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıqda iştirakını gücləndirmək üçün hərtərəfli siyasət həyata keçirilib.
Sportnet.az xəbər verir ki, bunu Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində keçirilən Gənclər Şurasının 9-cu iclasının açılışında gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Nazir deyib ki, ölkəmiz gənclərin beynəlxalq əməkdaşlığa cəlb olunmasını ardıcıl olaraq təşviq edir: "Biz dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirlərinə və təşəbbüslərinə ev sahibliyi etmişik. Qlobal çağırışların həllində də gənclərin cəlb olunması eyni dərəcədə mühümdür. Azərbaycanın ev sahibliyi etdiyi COP29 zamanı gənclər iqlim fəaliyyəti, yaşıl artım və davamlı inkişaf üzrə müzakirələrə fəal töhfə verdilər. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da gənclərin daha inklüziv, dözümlü və davamlı şəhərlərin formalaşdırılmasında iştirakı üçün mühüm platforma yaratdı. Bu təcrübələr bir daha təsdiqləyir ki, gənclər təkcə həll yollarının icrasında deyil, həm də onların layihələndirilməsində iştirak etməlidirlər".
F.Qayıbov bildirib ki, AQEM çərçivəsində gənclərimiz arasında əməkdaşlığı dərinləşdirmək üçün mühüm potensial mövcuddur: “Ən yaxşı təcrübələri bölüşməklə, birgə təşəbbüsləri dəstəkləməklə və tərəfdaşlıqları gücləndirməklə biz regionumuzda daha inklüziv, innovativ və davamlı şəhər icmaları yarada bilərik. Əminəm ki, bugünkü müzakirələr əməkdaşlığımızı daha da gücləndirəcək və daha dinc, davamlı və firavan gələcək naminə gənclərimizin rəhbərlik etdiyi yeni təşəbbüslərə ilham verəcək”, - deyə o qeyd edib.













































































