Belçika Futbol Assosiasiyası (RBFA) FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunun bir oyunluq cəzasını şərti dayandırması ilə bağlı qərarına sərt reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, qurumun yaydığı bəyanatda qərarın həm FİFA-nın İntizam Məcəlləsinə, həm də 2026-cı il dünya çempionatının reqlamentinə zidd olduğu bildirilib.
RBFA bəyan edib ki, FIFA qərarını İntizam Məcəlləsinin 27-ci maddəsinə əsaslandırsa da, həmin sənədin 66.4-cü maddəsinə görə birbaşa qırmızı vərəqə alan futbolçu növbəti oyunu avtomatik buraxmalıdır.
Belçika tərəfi həmçinin dünya çempionatının reqlamentinin 10.5-ci maddəsini xatırladıb. Həmin maddəyə əsasən, birbaşa və ya ikinci sarı vərəqədən sonra qırmızı alan futbolçu avtomatik olaraq komandasının növbəti görüşündə iştirak hüququnu itirir. Bəyanatda qeyd olunub ki, bu qayda mayın 12-də iştirakçı assosiasiyalara göndərilən rəsmi sirkulyarda, eləcə də turnir öncəsi bütün koordinasiya iclaslarında bir daha təsdiqlənib.
RBFA vurğulayıb ki, ədalətli oyun prinsiplərinin qorunması və iştirakçı komandaların hüquqlarının müdafiəsi məqsədilə bütün hüquqi imkanlar nəzərdən keçirilir.
Xatırladaq ki, Folarin Baloqun dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda birbaşa qırmızı vərəqə almışdı. Buna baxmayaraq, FİFA cəzanın icrasını bir il sınaq müddəti ilə şərti dayandırıb və hücumçu iyulun 7-də ABŞ – Belçika arasında keçiriləcək 1/8 final matçında oynaya biləcək.









































































