"Bu gün yüksək nəticə, bayrağımızın ucalması və himnimizin Avropa və dünya çempionatlarında tez-tez səsləndirilməsini istəyiriksə, milliləşdirilmiş idmançıların potensialından maksimum istifadə etməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Pərvin Piriyev İctimai Televiziyanın "Bol İdman" verilişində aparıcı Kənan Hakimova müsahibəsində deyib.
Qurum rəsmisi vurğulayıb ki, legionerlər yarışlara çıxdıqları zaman sinələrində Azərbaycan bayrağı olur: "Onlar da bizim azərbaycanlı uşaqlarla birlikdə məşq edir, bir yerdə qalır, birgə hərəkət edir və yerli idmançıları dəstəkləyirlər. Başa düşməliyik ki, qısa zamanda nəticə istəyiriksə, milliləşdirilmiş idmançıları bağrımıza basmalıyıq".
Digər tərəfdən, baş katibin fikrincə, legionerlər yerlilərin möhkəmlənmələrinə şərait yaradırlar: "İdmançı o zaman yaxşı inkişaf edir ki, özündən güclüsü ilə üz-üzə gəlsin, onunla sınaqçı rəqib olsun. Bunu güləş mütəxəssisləri yaxşı başa düşür. Xüsusən, sərbəst güləşçilərimizin Rusiyanın əsas yığmasının üzvləri ilə qarşılaşmalarına nəyə görə çox çalışırıq? İlk növbədə, ona görə ki, göz qorxusu itsin, onlarla qarşılaşanda narahatlıq yaranmasın, eyni zamanda, güclüdən təcrübə əldə etsinlər. Bu gün milliləşdirilmiş idmançılar yerlilərin silsiləvi və texniki inkişafına şərait yaradır. Bu, çox vacibdir".
Piriyevin sözlərinə görə, legionerlər heç kimi qarşısını kəsmirlər: "Harada bərabər səviyyəli rəqabət varsa, orada yerli idmançıya üstünlük verəcəyik. Ona görə də bu üç prizmanı nəzərə alanda, bu gün milliləşdirilmiş idmançıların hamısı Azərbaycan bayrağını daşımaqdan qürur duyur".
AGF rəsmisi müracıət əsasında qısa zamanda legionerlər üçün Azərbaycan dili kursuna başlayacaqlarını açıqlayıb: "Dilimizi öyrənənlərin əlavə imtiyazları olacaq. Bunları ona görə edirik ki, yerli mühitlə inteqrasiya olunsunlar və gələcəkdə himnimiz çalınanda onu oxuya bilsinlər".
Qeyd edək ki, Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandaları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında ümumi komanda hesabında birinci yeri tutublar. Lakin 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmış sərbəst güləş millisində yalnız Turan Bayramov (74 kq) yerli idmançı olub.











































































