“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin VII turunda təkcə tarixində ilk dəfə Almaniya “Ayntraxt”ını və ümumilikdə Bundesliqa təmsilçisini məğlub etmədi. Azərbaycan klubu eyni zamanda oyunun gedişində ciddi mübahisələrə səbəb olan hakim qərarlarına da meydan oxudu, onlara da qalib gəldi.
Matçın baş hakimi, İsveçrədən olan Sandro Şörer cəmi 4 dəqiqə aralığında oxşar epizodlara fərqli yanaşma sərgilədi. Qarşılaşmanın 73-cü dəqiqəsində “Qarabağ”ın ən məhsuldar futbolçularından biri Kamilo Duran “Ayntraxt”ın cərimə meydançasında kobudluqla üzləşsə də, referi penalti təyin etmədi. Bundan cəmi 4 dəqiqə sonra isə rəqib futbolçunun Bəhlul Mustafazadə ilə təmasdan sonra yerə yıxılması penalti kimi qiymətləndirildi.
Buna baxmayaraq, hesabda geri düşən “Qarabağ” əzm və xarakter nümayiş etdirərək 3:2 hesablı möhtəşəm qələbə qazandı. Qələbə qolunu isə məhz Bəhlul Mustafazadə vurdu. Bununla da o, Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşdü. Onun 90+4-cü dəqiqədə endirdiyi qüvvətli zərbə nəticəsində həm də bu ədalətsizliyə yol verən hakimlər və onun arxasında duran qüvvələr də susduruldu!
Hakim təyinatları mövzusu Azərbaycan futbolu üçün yeni deyil. Bu, özünü yalnız "Qarabağ"a qarşı ədalətsizliklərdə büruzə vermir. Bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la Sloveniyanın “Tsele” komandası arasında keçirilən ilk oyunu qazaxıstanlı referi Daniyar Saxi idarə etmişdi. Həmin görüşdən sonra rəqib komandanın baş məşqçisi Albert Riera hakim təyinatına kəskin etiraz etmiş, Azərbaycanla Qazaxıstanın coğrafi və mədəni yaxınlığına diqqət çəkmişdi.
Lakin “Qarabağ”ın Almaniya klubu ilə oyununa Frankfurtdan cəmi 300 kilometr məsafədə yerləşən İsveçrədən hakim təyin olunanda, bu məsələ ciddi müzakirə mövzusu olmamışdı. Halbuki matçın gedişi göstərdi ki, bu təyinat suallar doğurur.
İsveçrə və Almaniya həm coğrafi, həm də mədəni baxımdan bir-birinə çox yaxın ölkələrdir. İsveçrənin dörd rəsmi dilindən biri alman dilidir. Sandro Şörerin doğulub boya-başa çatdığı Büttikon yaşayış məntəqəsində də əsas ünsiyyət dili alman dilidir. Bu faktlar fonunda referinin qərarlarının obyektivliyi ilə bağlı müzakirələrin yaranması təəccüblü görünmür.
Bəlkə də Riera yalnız ölkələr arasındakı məsafəni deyil, həm də mədəni yaxınlığı nəzərdə tuturdu. Elə isə sual yaranır: Almaniya ilə İsveçrə arasındakı bu yaxınlıq niyə diqqətdən kənarda qalır?
Prezident İlham Əliyevin “Qarabağ”a ünvanladığı təbrik məktubunda "Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək" deyə vurğulaması da bu məsələyə işarə kimi dəyərləndirilə bilər. Xüsusilə də Azərbaycanın dövlət başçısının hazırda Davos İqtisadi Forumunda olması və oyunu məhz İsveçrədən izləməsi bu təsadüflər zəncirini daha da maraqlı edir.
UEFA-nın mənzil qərargahının İsveçrənin Nyon şəhərində yerləşməsi də diqqətdən yayınmır. Qitə futbol qurumunun Hakimlər Komitəsinə italiyalı Roberto Rozetti rəhbərlik edir. Komitə üzvlərindən biri olan niderlandlı Byorn Kuypersin AFFA Hakimlər Komitəsinin sabiq sədri, hazırda isə Cahangir Fərəcullayevin beynəlxalq hakimlik və təlim-tədris üzrə müşaviri olan belçikalı Frank De Blekerlə yaxın münasibətləri futbol ictimaiyyətində yaxşı məlumdur. Bu əlaqələrin son illər azərbaycanlı hakimlərin beynəlxalq təyinatlarının artmasına təsir göstərdiyi də istisna edilmir.
Belə təyinatlardan biri də bu gün Avropa Liqasının əsas mərhələsinin VII turunda baş tutacaq “Yanq Boyz” – “Lion” oyunudur. İsveçrənin paytaxtı Berndə keçiriləcək qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Altı turdan sonra 15 xalla lider olan “Lion”la 9 xalla pley-off uğrunda mübarizə aparan “Yanq Boyz”un dueli böyük əhəmiyyət daşıyır.
UEFA istəsəydi, “Qarabağ” – “Ayntraxt” oyunundan sonra yaranan mübahisələr fonunda hakim briqadasında dəyişiklik edə bilərdi. Lakin bunun üçün artıq gecdir.
Bir məsələ isə aydındır: İsveçrə komandalarının iştirak etdiyi oyunlarda səhv qərarlar xüsusilə diqqət çəkir. Çünki futbol tarixində bu cür “təsadüflərin” hansı nəticələrə gətirib çıxardığını UEFA da, FIFA da yaxşı xatırlayır…
İsveçrə komandalarına qarşı səhv etmək, səhv qərar çıxarmaq olmaz. Yoxsa İsveçrə hökuməti dərhal UEFA-ya qarşı maliyyə yoxlamasına başlayar. Necə ki, vaxtilə bunu elə orada məskunlaşmış FIFA əleyhinə etmişdilər...