"Onun saytınıza müsahibəsi ilə tanışıq. Təbii ki, fikirlərinə tam hörmətlə yanaşırıq. Ölkə idmanını ali səviyyədə təmsil etmiş atletdir".
Bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat katibi Mehman Rəsulov milli komandanın sabiq üzvü Turan Mirzəyevin Sportnet.az-a müsahibəsindəki fikirlərə münasibət bildirərkən deyib.
Rəsulovun sözlərinə görə, veteran ağırlıqqaldıranın məşqçi kimi fəaliyyət göstərmək istəməməsi öz seçimidir: "Özü də bildirdiyi kimi, məşqçi kimi fəaliyyət göstərmək istəməyib və onun bu qərarına hörmətlə yanaşılmalıdır. Əlbəttə, peşəkar idmançı karyerasını bitirən hər kəs məşqçi olmalıdır deyə bir qayda yoxdur".
AAF rəsmisinin fikrincə, Mirzəyev keçmiş komanda yoldaşı Nizami Paşayevlə bağlı məsələnin detallarından bir qədər məlumatsızdır: "Nizami Paşayevin dopinq cəzası var və bu səbəbdən, onun federasiyada təmsil olunması mümkünsüzdur. Halbuki AAF tərəfindən Paşayevə bu mənada dəstək göstərildi. Onun adından Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına məktub da ünvanladı. Özü də bunu təsdiqləyə bilər. Paşayev vaxtilə karyerasını bərpa etsəydi, cəza müddəti başlayar və bitərdi. Təəssüf ki, vaxtında məsələyə bir qədər soyuq yanaşılıb".













































































