Azərbaycanın tanınmış ağırlıqqaldıranı Turan Mirzəyev vaxtilə yüksək nailiyyətləri ilə diqqət mərkəzində olub. O, Avropa çempionatlarında iki (2001 - bürünc, 2003 - gümüş), dünya çempionatında bir dəfə (2003 - bürünc) medalçılar sırasına düşüb. 69 kq çəki dərəcəsində çıxış etmiş idmançı 2000-ci il Sidney, 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Sidneydə 9-cu olan Mirzəyev Afina və Pekində 4-cü yeri tutub.
Uzun müddətdir göz önündə olmayan veteran idmançı Sportnet.az-a Sportnet.az-ın "Karyera" layihəsinə müsahibəsində hazırkı durumundan danışıb, karyerasına nəzər salıb və diqqətsizlikdən şikayətlənib:
- Son dövrlər hansı fəaliyyətlə məşğulsunuz?
- Hazırda Lənkəranın Girdəni kəndində yaşayıram. Maddi vəziyyətimin pisləşməsi səbəbindən Bakıdan doğma kəndimizə dönmüşəm. Vaxtilə cənab Prezident İlham Əliyev mənə paytaxtda mənzil vermişdi. Sonradan işsizlik oldu, məcburiyyətdən satdım.
- Axı idmançılara şərait yaradılırdı, işləmək üçün imkanlar da var idi...
- Bizə uyğun bir iş olmadı. Açığı, özüm məşqçi kimi çalışmaq istəmədim. Çünki məşqçi maaşı ilə dolanmaq çətin olacaqdı. Ailəmiz böyükdür, kənddə ata evimizdə yaşayıram. 2012-ci ildən işsizəm. Sonuncu dəfə şəxsi məşqçim, keçmiş ağırlıqqaldıran və iş adamı Tofiq Heydərovun yanında bir az çalışdım. Tofiq müəllim də çıxıb ölkədən getdi və mən işsiz qaldım.
- Hazırda Azərbaycanda ağırlıqqaldırma növündəki durumu necə qiymətləndirirsiniz?
- Açığı, ümumiyyətlə maraqlanmıram. Çünki çəkdiyimiz o qədər əziyyət hədər getdi. Düzdür, Vətənə olan borcumuzu yerinə yetirmişik. Həm də öz adımız üçün çalışmışıq. Lakin bizə istədiyimiz qiyməti qoymadılar. O vaxtdan adımız heç yerdə yoxdur. İdmançı karyeramızı bitirdikdən sonra yaddan çıxmışıq, heç kim bizimlə maraqlanmır.
- Vaxtilə Azərbaycanın xeyli ağırlıqqaldıranı dopinqdən istifadəyə görə cəzalandırılmışdı. Onların arasında siz də var idiniz?
- Xeyr, mən heç vaxt dopinqə düşməmişəm. Təmiz dağ havası ilə qidalanmış idmançıyam. Əvvəlcədən orqanizmimiz sağlam qidalar qəbul edib. Üç dəfə Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşam, olimpiadalardan 2-də 4-cü yeri tutmuşam. Hətta cənab Prezidentimiz demişdi ki, Turan da medalçı kimi mükafatlandırılsın. Lakin mükafatlandırmadılar. Bununla belə, Avropa və dünya çempionatlarında medalçı, Avropa Kubokunun qalibi olmuşam. Hazırda Azərbaycan rekordu mənə məxsusdur: 69 kq çəki dərəcəsində birdən 155 kq, təkanla 185 kq ağırlıq qaldırmışam.
- Niyə Azərbaycanın ağırlıqqaldırma idman növü qalmaqallardan uzaq ola bilmirdi?
- Fikrimcə, bunlar federasiyanın sabiq prezidenti Cahangir Əsgərovla bağlı problemlərdən qaynaqlanırdı. Cahangir müəllim fəaliyyətinin ilk illərində yaxşı idi. Pis çıxmasın, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ovaxtkı prezidenti Tamaş Ayana "görüm-baxım" edirdi. Yadımdadır, millimizin sabiq baş məşqçisi Vahid Nəzərov Ayana ikra-zad aparırdı. Cahangir müəllim də zərfdə nələrsə yollayırdı. Ona görə də Azərbaycan ağırlıqqaldıranlarına dəymirdilər, əlaqələr sıx idi, gəlib-gedirdilər. Sonradan Cahangir müəllim nəyə görəsə bizdən və bu idman növündən soyudu. Ona görə də gördülər ki, xeyir gəlmir, Azərbaycanı qəbul edə bilmədilər.
- Bəs Tofiq Heydərovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində çalışdığı dövrü necə qiymətləndirirsiniz?
- Yaxşı qiymətləndirirəm. Onun özündə istək, sevgi var idi. Həqiqətən də idmanda vəzifə tutmağa layiq şəxs idi. Ən azı federasiya prezidenti ola bilərdi. O halda dövlətdən heç nə istəmədən hər şeyi öz boynuna götürərdi. Son günlərədək əlindən gələni edirdi, idmana nə qədər pul xərcləmişdi. Lakin nəyə görəsə uzaqlaşdırdılar. Yola vermədilər, inciyib-küsüb getdi.
- Hazırkı durumdan da narazısınız?
- Bir az haqsızlıq var. Qalmışıq qıraqda. Özüm bir tərəfə, daha yüksək nəticə göstərmiş Nizami Paşayev, Avropa və dünya çempionatlarının digər mükafatçıları hazırda kənardadırlar.
- Özünüz federasiyaya müraciət etmisiniz?
- Xeyr. Vaxtilə müraciət etmişdim, dedilər ki, gəl, məşqçi işlə. Amma adi məşqçiliklə necə dolana bilərəm? Elə bir ciddi istəyim də yox idi. Heç olmasa, nəticələrimizə görə normal iş təklif etsəydilər, bəlkə də işləyərdim. Ömrümüzün müəyyən hissəsini idmana həsr etmişik. Bundan sonra da həsr etsək belə, sıravi məşqçiliklə heç nəyə nail ola bilmərik. Hazırda 47 yaşımdayam. Böyük qardaşım Anar və kiçik qardaşım Aqşin də ağırlıqqaldırma ilə məşğul olub. Hər ikisi idman ustasıdır. Aqşin Mirzəyev hətta beynəlxalq yarışlarda da müəyyən yerlər tutub. Lakin onlar da hazırda rayonda qalırlar. Aqşin hazırda toyuq-cücə təsərrüfatı ilə məşğuldur. Mən isə faktiki olaraq işsizəm, qardaşlarım kömək edirlər. Ad-sanımız var, pis çıxmasın, hər işdə çalışa bilmirik.
- Media vasitəsilə kimə müraciət etmək istərdiniz?
- Müraciətim cənab Prezidentədir. Özüm onun sevimli idmançısı olmuşam. Dövlət başçısı məni həmişə izləyib, xətrimi ayrıca istəyib. Bizə diqqət ayrılmasını istərdim. Söhbət təkcə məndən getmir. Bütün növlərdə idmançılar var ki, karyeralarını başa vurduqdan sonra uzaqlaşıblar, heç yerdə işlə təmin, heç bir tədbirə dəvət olunmayıblar. Adları da heç yerdə hallanmayıb. Burada ağırlıqqaldırma idmanı sarıdan vəziyyət çox acınacaqlıdır. Şərait yoxdur. Tofiq Heydərovun qurduğu şəraitdən də əsər-əlamət qalmayıb. Zallar, ağırlıqqaldırma alətləri pis gündədir. Məşqçilər isə aldıqları maaşdan razı deyillər.
- Milli komanda bu yaxınlarda Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında iştirak edib. Nəticələrdən məlumatınız varmı?
- Maraqlanmamışam. Bir qədər inciyərək kənara çəkilmişəm. İdmançı olmuşuq, əlimizdən başqa iş gəlmir. Sanki unudulmuşam. Nəinki ölkə miqyaslı, hətta Lənkərandakı tədbirlərə də çağırmırlar. Çox istərdim ki, məni də yada salsınlar. Özüm vaxtilə sayılıb-seçilən idmançı olmuşam, lakin indi sanki diqqətsizlik var. Ölkəmizin adına xələl gəlməməsi üçün sosial şəbəkələr vasitəsilə narazılıq bildirmək də istəmirəm.
Mikayıl HACIYEV















































































