Portuqaliya "Kaza Piya"sının futbolçusu Joao Qulart yay transfer pəncərəsində komandasını tərk edə bilər.
Sportnet.az xəbər verir ki, Bolqarıstanın "Levski Sofiya" klubu 26 yaşlı mərkəz müdafiəçisinin çıxışından razıdır və onun transferi üçün rəsmi təklif hazırlayır.
Komandanın baş məşqçisi Xulio Velaskes Portuqaliya bazarını yaxşı tanıdığı üçün heyəti bu ölkədən olan futbolçularla gücləndirmək niyyətindədir.
Lakin Qularta maraq göstərən yeganə klub "Levski" deyil. Azərbaycan çempionu "Qarabağ" da müdafiəçini diqqətdə saxlayır. Ağdam təmsilçisinin hələ aprel ayında futbolçunun transfer şərtləri ilə bağlı sorğu göndərdiyi bildirilir.
"Kaza Piya" rəhbərliyi ilə müqaviləsinin bitməsinə bir il qalan futbolçunu yalnız 1,5 milyon avro qarşılığında buraxmağa hazırdır.
Qeyd edək ki, Joao Qulart son iki mövsümdə "Kaza Piya"nın heyətində 66 oyuna çıxıb və 2 qol vurub. O, 2025/2026 mövsümündə Portuqaliya çempionatında 25 matçda iştirak edərək 1 dəfə fərqlənib. Müdafiəçi vaxtilə Portuqaliyanın U-18 millisində də forma geyinib.



















































































