2026-cı il dünya çempionatında ilk qolun müəllifi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Meksika millisinin hücumçusu Xulian Kinyones mundialın açılış matçında fərqlənərək turnirin ilk qoluna imza atıb.
Təcrübəli futbolçu Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşmanın 9-cu dəqiqəsində rəqib qapısına yol tapıb.
Meksikanın paytaxtındakı məşhur "Asteka" stadionunda keçirilən açılış görüşündə meydan sahibləri hesabı erkən açaraq azarkeşlərini sevindiriblər.
Qeyd edək ki, Meksika və CAR A qrupunda yer alıb. Bu qrupda həmçinin Cənubi Koreya və Çexiya milliləri mübarizə aparırlar.
2026-cı il dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-dək davam edəcək. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın son qalibi Argentina millisidir.
Maraqlıdır ki, Meksika və CAR yığmaları bundan əvvəl də dünya çempionatının açılış matçında üz-üzə gəliblər. Düz 16 il əvvəl - 11 iyun 2010-cu ildə CAR-da keçirilən mundialın ilk oyununda tərəflər Yohannesburqda 1:1 hesablı heç-heçə ilə ayrılmışdılar.




















































































