Meksika millisinin yarımmüdafiəçisi Xilberto Mora dünya çempionatları tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, gənc futbolçu 2026-cı il dünya çempionatının açılış matçında Cənubi Afrika Respublikası ilə oyunda meydana çıxaraq mundial tarixinin ən gənc debütantları sırasında ilk altılığa yüksəlib.
Mora görüşün 66-cı dəqiqəsində meydançaya daxil olub. O, debüt anında 17 yaş 240 günlük olub.
Bununla da meksikalı futbolçu dünya çempionatlarında ən erkən yaşda debüt edən oyunçular siyahısında altıncı pilləyə yerləşib. Ondan daha gənc yaşda yalnız əfsanəvi Pele (Braziliya), Salomon Olembe (Kamerun), Femi Opabunmi (Nigeriya), Samuel Eto'O (Kamerun) və Norman Uaytsayd (Şimali İrlandiya) mundial debütü ediblər.
Mexikodakı "Asteka" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri Cənubi Afrika Respublikasının millisi üzərində 2:0 hesablı qələbə əldə ediblər. Meksikanın qollarını Xulian Kinyones və Raul Ximenes vurublar.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentina millisidir. Cənubi amerikalılar 2022-ci ildə Qətərdə təşkil olunan mundialın finalında Fransanı penaltilər seriyasında məğlub edərək kuboku qazanıblar.




















































































