Menecer Adil Mirzəzadə “Şəfa” klubu və klub ətrafında baş verən proseslərlə bağlı sərt məzmunlu paylaşım edib.
Sportnet.az xəbər verir ki, o, klubun idarəçiliyi, transfer siyasəti və bəzi futbol funksionerlərinin fəaliyyəti ilə bağlı ciddi tənqidlər səsləndirib.
Açıqlamanı redaktə olunmuş formada təqdim edirik:
- Hörmətli dostlar, tanışlar, qardaşlar, mənim “Şəfa” klubu ilə əməkdaşlığım yoxdur. Açığı, Sərdar Salmanzadə və Elgiz Kərimlinin haqqı yeyiləndən sonra həmin klubla danışmaq fikrim yox idi. Lakin özümə yaxın bildiyim bir qardaş “Şəfa” ilə bağlı işlərdə kömək edəcəyini dedikdən sonra bir neçə transfer məsələsini müzakirə etdim. Lakin büdcə aşağı olduğu üçün bu transferlər reallaşmadı.
Xülasə, oyunçu təkliflərinizi zəhmət olmasa Əfran İsmayılova deyin. Əfran çox təcrübəli mütəxəssisdir. Amma bir çox məsələlərdə qərarların qeyri-peşəkar verildiyini düşünürəm. Məsələn, 2013-cü ildə “Qarabağ”ın futbolçuları ilə köhnə bazada olduğumuz vaxtlar xatirimdədir. Əfranın pula görə “Qarabağ”dan ayrılıb “Bakı”ya getdiyini o vaxt komanda yoldaşları da açıq şəkildə deyirdi.
Bu gün isə “azərbaycanlı futbolçular süni qiymət artımı yaradır” deyən şəxs odur. Halbuki özü də əvvəlki dövrlərdə eyni sistemin içində olub. “Araz Naxçıvan”dan da büdcə problemi zamanı ayrılması bunu göstərir. Nə hikmətdirsə, Əfran kluba gələndən sonra idarəçilikdə problemlər yaranır və bəzi şəxslər klubdan ayrılır.
Məncə, həm Elgiz Kərimlinin, həm də Sərdar Salmanzadənin haqqı yeyilib və bu məsələlər ciddi şəkildə araşdırılmalıdır.
Ümumilikdə isə “Şəfa” klubunda idarəçilikdə ciddi problemlər var. Klubun strukturu qarışıqdır: transfer məsələlərinə ayrı şəxslər, taktiki işlərə başqa şəxslər qarışır. Milli komandanın baş məşqçisinin gizli şəkildə proseslərə təsir etdiyi iddiaları isə vəziyyəti daha da qeyri-müəyyən edir.
Jurnalist dostlarımdan xahişim odur ki, Əfran İsmayılovdan bu suallara cavab alsınlar: əgər klubun idarəçiliyi başqa şəxslərə bağlı idisə, nə üçün Elgiz Kərimliyə şans verilmədi? Niyə idarəçiliklə bağlı ziddiyyətli açıqlamalar verildi?
Bir də qeyd etmək istəyirəm ki, Quranda yazılan ədalət prinsiplərini hər kəs bilməlidir. Haqsızlıq edənlərin gec-tez bunun qarşılığını görəcəyi qeyd olunur.
Mirzəzadə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovu da tənqid edib:
XÜLASƏ: “Şəfa” yaxşı işlər də görür və bunları da demək lazımdır. Məsələn, klub dünyada bir ilkə imza atıb. Milli komandanın baş məşqçisi gizli şəkildə komandanı idarə edəcək. Transfer məsələlərində Elnur Çodarov futbolçularla əlaqə saxlayır. Komandaya taktikanı isə Ayxan Abbasov verir. Ayxan müəllimə böyük hörmətim var və onunla heç bir problemim yoxdur. Böyük ehtimalla o, millidən ayrıldıqdan sonra “Şəfa”ya da gələcək. Bu, onun şəxsi seçimidir.
Jurnalist dostlarımdan bir məsələni də xahiş etmək istəyirəm: təcrübəli mütəxəssis Əfran İsmayılovdan soruşsunlar ki, əgər “Şəfa”nı həqiqətən milli komandanın baş məşqçisi idarə edəcəkdisə (yəqin ki, bunu təkzib edəcək), nə üçün Elgiz Kərimliyə heç olmasa bir az şans verilmədi? Niyə CBC Sportda əvvəlcə komandada idarəçiliklə bağlı problemlər olduğunu deyirdi? Bunun səbəbi nə idi? O, bu sualların cavabını daha yaxşı bilir.
Bir də Əfran yəqin bilir ki, Quranda yazılıb: “Qiyamət günü elə insanlar olacaq ki, çoxlu namaz, oruc və digər yaxşı əməllərlə gələcəklər, lakin kiməsə söydükləri, böhtan atdıqları, haqq yedikləri üçün savabları həmin insanlara veriləcək. Savabları bitərsə, haqq sahiblərinin günahlarından onlara yüklənəcək.” Əfran bunu da hər halda yaxşı bildiyi üçün rahat hərəkət edir".





















































































