İspaniya "Real Madrid"inin prezidenti Florentino Peres yay transfer pəncərəsində həyata keçirməyi planlaşdırdığı böyük keçidlə bağlı maraqlı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, klub rəhbəri futbolçunun adını açıqlamasa da, onun gənc və dünya ulduzu səviyyəsində oyunçu olduğunu bildirib.
Peres namizədin nə İngiltərə Premyer Liqasında çıxış etdiyini, nə də Erlin Holann, Maykl Olise və Ceremi Doku olduğunu vurğulayıb.
"Bu futbolçu superulduzdur. İnsanlar onun kim olduğuna inanmayacaqlar. Maliyyə baxımından Kriştianu Ronaldunun transferi səviyyəsində keçid olacaq. Bu, Premyer Liqadan olmayan gənc futbolçudur", - deyə Peres bildirib.
Bu açıqlamadan sonra İspaniya mətbuatında müxtəlif versiyalar səsləndirilib. COPE-nin jurnalisti Araxna Rodriges və "Real Madrid"in üzvü olan jurnalist Pepe Alvaresin fikrincə, söhbət Fransa PSJ-sinin və Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Neveşdən gedə bilər.
Məlumata görə, Madrid təmsilçisi 20 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazırdır.
Neveş ötən mövsüm bütün turnirlərdə 38 oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 140 milyon avro qiymətləndirir.
Qeyd edək ki, "Real Madrid" 2009-cu ildə Kriştianu Ronaldunu 94 milyon avroya transfer etmişdi.














































































