Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San Marinoya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- İlk növbədə, futbolçulara təşəkkür edirəm. İlk yoxlama matçındakı məğlubiyyətdən sonra bu görüşdə qələbə qazanmaq istəyirdik. Millətlər Liqası öncə bütün futbolçuları iş başında görmək niyyətində idik. Əsas məqsədlərimizdən biri bu idi. Çünki həmişə suallar olur. Bilməliyik ki, gələcək oyunlarda hansı futbolçuları o yükün, təzyiqin altına ata bilərik. Bu, bizim üçün vacib idi. Məşqlər və oyun tam fərqlidir. Bu gün də heyətdə müəyyən rotasiyalar etmişdik. Yenə də ən böyük problemimiz qol epizodlarından yararlana bilməməkdir. Standart vəziyyətdən qol buraxdıq. Bu da yaralı yerimizdir və üzərində çalışırıq. DÇ-2026-nın İslandiya və Fransa ilə son seçmə oyunlarında standart vəziyyətlərdən qollar buraxmışdıq. Bu da bizi düşündürür. Çünki UEFA Millətlər Liqasında Litvaya qarşı oyunlarda standart vəziyyətlərdən qorunmağa ehtiyacımız olacaq. Ümumilikdə oyunun tempi normal idi, hücumlar edirdik. İlk dəfə bu heyətlə meydançaya çıxırdıq. Maltaya qarşı buraxdığımız heyətdəkilərin bir-birilərini başa düşmələri daha yaxşı idi. Çünki onların iştirakı ilə bir çox oyun keçirmişik. Normal haldır. Bu gün nəticəni, qalib gəlməyi futbolçularımız da, biz də istəyirik. Matçın sonlarında baş hakim hər xırda fola reaksiya verirdi. Bu da rəqibin ən üstün cəhəti idi. Növbəti toplanışadək bizi futbolçuların öz klublarında nə cür formada olmaları düşündürəcək, bu məqam önəmli olacaq. Millətlər Liqasının oyunlarınadək avrokubok qarşılaşmaları və Azərbaycan Premyer Liqasının 3-4 turu keçiriləcək. Bütün oyunları izləyəcəyik və heyət seçiminə dair son qərarlar olacaq.
- Avstriya toplanışında 2 qol vurub 3-nü buraxdınız. Çoxsaylı qol epizodlarına baxmayaraq, daha çox top buraxmağınız sizi bir az narahat etmir?
- Bir az yox, çox narahat edir. Bu gün Renat Dadaşova görə sevindim. Çünki hücumçularımızın özlərinə güvən gəlməlidir. Renat həqiqətən də son vaxtlar millidə ən yaxşılardandır. Amma baxsaq, klubunda çox az şans qazanır. Əlbəttə, 100 faizlik epizodlarımız var ki, hamısı qol olmalıdır. Bu gün millidəki futbolçuların ustalıq səviyyəsi yüksəkdir. Keçirdiyimiz iki oyunda son zərbələr və ötürmələr çox oldu. Mən də vurğuladığınız məqama görə təəssüflənirəm. Amma çox qol epizodu yararmağımız ümidvericidir. Biri var epizod olmasın və epizoda girə bilmədiyimizi fikirləşək. Əvvəllər mənə "Nə vaxt hücum edəcəyik, nə vaxt epizodlar yaradacağıq" sualları verilib. Amma bu gün epizod varsa, deməli, sevinirik. Futbolçulara bunun üzərində basqı edəcəyik ki, daha konsentrasiyalı olsunlar. İnanıram ki, son vuruşlar daha dəqiq olacaq.
- Mahir Emreli və Nəriman Axundzadənin öz klublarında əsas heyətdə oynamamaları və ya az şans qazanmaları millinin çıxışında da özünü mənfi tərəfdən göstərir. UEFA Millətlər Liqasınadək qalan 3 aylıq bölümdə onlardan nə gözləyirsiniz?
- Təkcə Mahir və Nərimanla deyil, bütün futbolçularla fərdi söhbətlərimiz olub. Axundzadənin məşqə yanaşması barədə danışmışdım və yenə də öz sözümün üzərində dururam. Amma "Bunu oyuna keçirməliyik" sözünü də işlətmişdim. Əlbəttə, onun üçün də çox çətindir. Gerçəyi deyək: Başqa bir ölkəyə yox, çox uzaq ölkəyə gedib. Tam başqa bir mədəniyyətə malik ölkədədir və MLS-də əsas heyətdə oynamaq istəyir. Bunun üçün mübarizə aparmalıdır. Bilirik ki, legioner kimi ikiqat güclü olmalısan. Bizim çempionatdan fərqli olaraq, başqa ölkələrdə güclü olmasan, oynamırsan. Bunu Mahir də bilir. O, Azərbaycanın ən yaxşı futbolçusudur. Amma seçdiyi klub önəmli olmalıdır. Çünki Emreli qarşıdakı mövsümü də boşa versə, çox çətin olacaq.
- Millətlər Liqası qarşılaşmalarına hansı start heyəti ilə çıxacağınıza dair beyninizdə təxminləriniz formalaşıbmı?
- Əlbəttə, beynimizdə suallar var idi və bunlara aydınlıq gətirmək istəyirdik. Bəhlul Mustafazadənin sağalması ilə müdafiə xəttimiz möhkəm olacaq. Hücum xəttinə Musa Qurbanlı da qayıdacaq. Ceyhun Nuriyev, İsmayıl İbrahimli kimi futbolçuları da qeyd edə bilərəm ki, burada yox idilər. Rəhim Sadıqov da millinin aparıcı futbolçularından ola bilər. Çünki klubunda mütəmadi oynayır. Belə futbolçuların sayını 15-16-dək çoxaltmaq istəyirik ki, oyunlarda rotasiyalar edə bilək.
- Bu gün rəsmi oyun olsaydı, Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə alaraq, meydançanı tərk edəcək və millini pis vəziyyətdə qoyacaqdı. Bu, qarşıdakı oyunlarda çox vacib məsələ olan nizam-intizam barədə nə deyə bilərsiniz?
- Emil klubu "Neftçi"də də təkbətək mübarizələrdə çox aqressiv oynayır. Bunu futbolçunun əlindən ala bilmərik. Amma dediyiniz məqam doğrudur. Gərək bir az da soyuqqanlı olaq. Çünki bu hadisə, Allah eləməsin, Millətlər Liqasında baş versə, bizə çox çətin ola bilər. Emillə bu barədə söhbətimiz olub. Sarı vərəqəyə meylli digər futbolçular bunu klublarında da edirlər. Adrenalin yüksək olanda futbolçunun meydançada özünü idarə etməsi çox çətinləşir. Amma oyundan öncə bunlara dair xəbərdarlıq etmişdik.
- Rza Cəfərovun da oynayacağını demişdiniz, amma meydançada axtarsaq da, tapmadıq...
- Rzanı da meydançaya buraxmaq istəyirdik. Lakin gəlin, gerçəyi deyək: oyunun axarı başqa cür oldu. O da bizi başa düşür. Çünki o anlarda qapıçı dəyişikliyinə gedə bilməzdik.
- Qol epizodlarını nə zaman qola çevirəcəyik?
- Mənə "Qol epizodlarını nə zaman yaradacağıq" sualı Ukrayna ilə qarşılaşmadan sonra verilmişdi. "Epizodlar da olacaq" cavabını vermişdim. İndi isə "qol da olacaq" deyirəm.
- Azərbaycan millisində kifayət qədər qol epizodları yaradılır, amma dəyərləndirilmir. Bu baxımdan, standart vəziyyətlərə xüsusi önəm vermək istəyirsiniz? İngiltərə "Arsenal"ında olduğu kimi, yığmada da standart vəziyyətlər üzərində işləyən məşqçi varmı və bunu xüsusi ritual halına gətirmək istəyirsinizmi?
- San Marino yığmasının qapısına ilk qolu standart vəziyyətdən vurduq. Statistikaya nəzər yetirsəniz, standart vəziyyətlərdən ən çox qol vuran klubun - "Şamaxı"nın baş məşqçisi olmuşam. Təəssüf ki, mən "Arsenal"da işləmirəm və ya xarici olmadığımdan, bu, şişirdilmir. Standart vəziyyətlər üzrə məşqçiyə ehtiyac da yoxdur. Hazırda özümüz bunun üzərində işləyirik. Klubda məsələ başqadır. Orada transfer edəndə hücumda və müdafiədə, eləcə də künc zərbələri zamanı başla oynaya bilən futbolçular axtarırdıq. Amma hazırda bu, millidə çətin məsələdir. Məsələn, hamı bilir ki, bəzi stopperlərimiz hücumda o qədər də effektli deyillər. Lakin Rahil Məmmədov, Cəlal Hüseynov və Rəhman Daşdəmirovun üstünlükləri var. Eləcə də hücum xəttindəki Renat Dadaşovun. Bu, heyətdən asılıdır. Millinin toplanışlarında bunun üzərində işləyirik, amma bir günün işi deyil. İnanıram ki, bəhrəsini görəcəyik.








































































