Beynəlxalq Olimpiya Komitəsi (IOC) transgender idmançıların Olimpiya Oyunlarında yalnız bioloji cinslərinə uyğun kateqoriyalarda iştirak edə biləcəklərini açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Transgender idmançıların IOC-un himayəsi altında keçirilən yarışlardan kənarlaşdırılmırlar və müəyyən olunmuş kvalifikasiya şərtlərinə əməl etdikləri halda yarışmaq hüququnu saxlayırlar.
Bəyanata əsasən, bioloji qadın olan və testosteron və ya digər androgenlərdən istifadə etməyən transgender idmançılar qadın kateqoriyasında çıxış edə bilərlər.
Bioloji kişi olan transgender idmançılar isə kişi kateqoriyasında yarışacaqlar.
IOC yeni siyasətin məhz qadın kateqoriyasına aid olduğunu vurğulayıb. Bildirilib ki, qadın kateqoriyası “bioloji qadın olan idmançılar üçün nəzərdə tutulmuş yarış kateqoriyası” hesab edilir. Kişi kateqoriyası ilə bağlı isə əlavə məhdudiyyət tətbiq olunmayacaq.
Qeyd edək ki, Olimpiya Oyunları tarixində ilk transgender idmançı Lorel Habbard olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında ağır atletika yarışlarında iştirak etsə də, uğurlu cəhd edə bilməmişdi.
Paris-2024 olimpiadasında isə qadın boks turnirinin qalibləri olan Lin Yu-tinq və İman Xelif bu yaxınlarda gender testi səbəbindən dünya çempionatından kənarlaşdırılıblar.







































































