Qətərin “Əl-Sədd” klubu baş məşqçi Roberto Mançini ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Klubun yaydığı açıqlamada italiyalı mütəxəssisə təşəkkür olunub: “Qısa, lakin çox önəmli bir dövr və saysız-hesabsız gözəl xatirələr. Təşəkkür edirik, Roberto Mançini. Ümid edirik ki, bir gün bu hekayə davam edəcək. Karyeranızın növbəti mərhələsində sizə uğurlar arzulayırıq. Yenidən görüşənədək!”
Mançini 2025-ci ilin noyabrında “Əl-Sədd”in baş məşqçisi təyin olunmuşdu. O, komandanı 2025/2026 mövsümündə Qətər çempionluğuna daşımağı bacarıb.
61 yaşlı mütəxəssisin zəngin karyerasında bir sıra tanınmış klublarla yanaşı, İtaliya milli komandası da yer alır. O, “Skuadra Adzurra”nı 2021-ci ildə keçirilən, lakin UEFA Avro-2020 adı ilə tarixə düşən Avropa çempionatında qızıl medallara sahib çıxarıb.
Mançininin bundan sonrakı karyerasını hansı klub və ya millidə davam etdirəcəyi hələlik açıqlanmayıb.



















































































