FIFA 2026-cı il dünya çempionatına vəsiqə uğrunda oyunlarda və final mərhələsində futbolçu ilə təmsil olunacaq klublara ayrılan maliyyə vəsaitini artırıb.
Sportnet.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun rəsmi açıqlamasında bildirilib.
FIFA-nın Klublara Dəstək Proqramı çərçivəsində ayrılan ümumi məbləğ 355 milyon ABŞ dollarına çatdırılıb. Bu, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatı ilə müqayisədə 70 faiz çoxdur.
Məbləğin 250 milyon dolları mundialın final mərhələsində iştirak edəcək futbolçuların klublarına ödəniləcək. FIFA-nın hesablamalarına görə, hər futbolçu üçün minimum ödəniş dünya çempionatında keçirdiyi hər günə görə 5 min dollar olacaq. Yekun məbləğ isə turnir başa çatdıqdan sonra müəyyənləşdiriləcək.
İlk dəfə olaraq dünya çempionatının seçmə mərhələsində iştirak edən futbolçuların klublarına da vəsait ayrılacaq. Bu məqsədlə 100 milyon dollar nəzərdə tutulub. FIFA seçmə mərhələnin 905 oyunu, eləcə də mundialın ev sahibləri olan komandaların keçirdiyi 10 yoldaşlıq görüşü üçün matç heyətində yer alan hər futbolçuya görə klublara 2362 dollar ödəyəcək.
Qalan 5 milyon dollar inzibati xərclərə sərf olunacaq. İstifadə olunmayan vəsait isə dünya futbolunda klubların inkişafına yönəldiləcək.
FIFA prezidenti Gianni Infantino bildirib ki, dünya çempionatının genişləndirilməsi futbol ekosistemindəki klublara əlavə dəstək göstərmək imkanı yaradır:
“Bu, genişləndirilmiş dünya çempionatının növbəti üstünlüyüdür. Qlobal səhnədə çıxış edən futbolçuları yetişdirən və onları turnirə göndərən klublara daha çox dəstək veriləcək”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnirdə oyunların sayı 64-dən 104-ə yüksələcək, yarışın müddəti isə 29 gündən 39 günə çatacaq. Mundialda Azərbaycan klublarından yalnız "Turan Tovuz"da çıxış edən Roderik Miller çıxış edəcək. O, Panama millisinin yekun heyətində yer alıb.














































































